top of page

Adını siz qoyun: kosmonavt, astronavt, yoxsa ...?

Kosmosa uçan ilk insan Yuri Gagarin’dir, ilk kosmonavt. Kosmosa uçan ilk astronavt Alan Shepard, ilk taykonavt isə Yang Liwei’dir.


Burada - kosmosda qarşıma çıxan insanlara mənim Yerdə öyrəşdiyim kimi sadəcə kosmonavt demirlər. Vəziyyət biraz qarışıqdır. Qarşıma amerikalı və ya əsasən, ingilisdilli ölkələrdən birinə mənsub olan insan çıxarsa, astronavt; rusiyalı və ya rusdilli ölkələrdən birinə mənsub insan çıxarsa, kosmonavt; uzaq şərq elindən - çinli birisi çıxarsa taykonavt deyə çağırırlar. Bəs, bu qarışıqlıq nədir? Bu fərqli adlandırmalar nədən qaynaqlanır?


Kosmosa uçuşun başlarında ABŞ (Amerika Birləşmiş Ştatları) və SSRİ (Sovet Sosialist Respublikaları İttifaqı) arasında Kosmik Yarış var idi. Hər ikisi də bu yarışda önə keçmək, fərqlənmək istəyirdi. İlk uğurlu addımlar SSRİ tərəfindən atılırdı. İlk insanı - Yuri Gagarin’i kosmosa çıxarıb kosmonavt adlandırdılar. ABŞ bunun cavabında ilk amerikalını - Alan Shepard’ı kosmosa çıxararaq astronavt adlandırdı. Hər biri özünəməxsus olaraq uğurlu şəkildə fərqlənməyi bacarmışdı. Çox sonradan da olsa, Çin də bu yarışa qoşularaq ilk çinlini - Yang Liwei’ni kosmosa çıxararaq taykonavt adlandırdı. Və bu ənənə ölkələr, fərqli dildə danışan xalqlar arasında getdikcə yayıldı, öz adlandırmalarını yaratmağa başladılar.


Bütün fərqli adlandırmalara baxmayaraq, kosmonavt, astronavt, taykonavt; hər üçünün də oxşar bir nöqtəsi var. Yox, üçünün də kosmosa çıxan insanları adlandırmaq üçün istifadə olunmağını demirəm, başqa bir nüans var. Hər üçü də “-navt” sonluğu ilə bitir. Bu sonluq qədim yunan dilindən götürülmüş “nautes”, yəni dənizçi, sözündən törəyib və şəkilçi kimi istifadə olunduqda işləndiyi sözlə birlikdə səyahətçi, səyyah mənasına gəlir.


Kosmos rus dilində də, bizim dildə də eyni mənanı verir və “-navt” sonluğu ilə birlikdə işləndikdə kosmos səyyahı və ya səyahətçisi kimi adlandırıla biləcək kosmonavt sözü yaranır. İngilis dilli ölkələrin istifadə etdiyi astronavt sözündəki “astro”nun mənası isə ulduz deməkdir. Sonuna “-navt” da artırdıqda astronavt, yəni, necə deyərlər, ulduzlara səyahət edən adam mənasını verən söz əmələ gəlir. Və qeyd edim ki, kosmos sözü də, astro özü də qədim yunan sözləridir. Bu ikisindən fərqli olaraq, çinlilərin istifadə etdiyi taykonavt sözündəki “tayko” isə elə çinlilərin öz doğma dillərinə xas olan sözdür və mənası kosmos deməkdir. Hətta fransızlar spatiyonavt (spationaute), malaziyalılar isə astronavt mənasına gələn özlərinə məxsus angkasavan (angkasawan) sözündən istifadə edirlər kosmosa çıxan insanları adlandırmaq üçün.


Texniki olaraq adlandırmada hər biri doğru qəbul edilir. Sadəcə, aralarındakı fərq istifadə edilən dil və hansı kosmik agentlik vasitəsilə kosmosa çıxarılmaqlarından asılı olaraq dəyişir. Rəsmi olaraq, NASA, ESA JAXA vasitəsilə təlim keçərək kosmosa çıxan kəslər astronavt deyə adlandırılarkən, Roscosmos vasitəsilə təlim keçərək kosmosa çıxmış insanlara kosmonavt deyə xitab edilir. CNSA vasitəsilə uçanlar üçün isə bu adlandırma taykonavt olaraq qeyd olunur.


Diqqət ediləsi bir başqa nüans ondan ibarətdir ki, fərqli agentliklərin irəli sürdüyü tələblərdə də müəyyən fərqliliklər olduğundan, məsələn, yaş məhdudiyyəti, boy uzunluğu, çəki və s. kimi, astronavt, kosmonavt və ya taykonavtlar arasında bu tələblərə bağlı olaraq fərqliliklər ola bilir. Həmçinin, kosmosa uçuş zamanı və kosmosda geyindikləri geyimlərin dizaynı ilə bağlı da fərqliliklər özünü açıq şəkildə büruzə verir.


Biz, Azərbaycan dilindəki adlandırmada uzun müddət SSRİ-nin də təsirində qalmış olduğumuza görə kosmonavt sözündən istifadə edirik. Kosmosa səyahət edən ilk və hələki, tək azərbaycanlı - Musa Manarov (1987-ci il 21 dekabr tarixində kosmosa uçmuş və 1 il müddətində Mir kosmik stansiyasında fəaliyyət göstərmişdir) da kosmonavt olaraq qeyd edilir.


Musa Manarov, cosmonaut
Musa Manarov, ilk azərbaycanlı kosmonavt
Belə bir seçimimiz olsa, kosmosa uçan insanlara - azərbaycanlılara doğma dilimizdə bir ad verə bilsək, nə olardı?

Gəlin, biraz düşünək. Elə indi. Başımızı qaldırıb göyə baxaq və düşünək ki, oralarda biryerdə bizimlə eyni dili paylaşan, eyni milliyətə mənsub olan biriləri var, biz onu necə səsləyərik? Kosmonavt, astronavt, yoxsa ...? Adını siz qoyun.


Tezliklə birgün kosmosda doğma dilimizdə səsləyə və cavab ala biləcəyimiz birilərinin olması diləyi ilə, hələlik!


searching, universe
Başımızı qaldırıb göyə baxdıqda, oralarda biryerdə bizimlə eyni dili paylaşan, eyni milliyətə mənsub olan biriləri varsa, biz onu necə səsləyərik? Kosmonavt, astronavt, yoxsa ...? Adını siz qoyun.

 

278 views

Gözdə qulaqda olun!

Yeni paylaşımlardan xəbərdar olmaq üçün...

Aramıza xoş gəldin!

bottom of page