top of page

Aydakı izlərin ardınca

Ayı izlədikdə ağlıma hər zaman Apollo-11 missiyası, Ayda addımlayan Neil Armstrong və Buzz Aldrin, Ayın orbitində onları tək-tənha gözləyən Michael Collins gəlir. Elə xəyal edirəm ki, hazırda onlar oradadır, orada - Ayda biriləri var və mən onları müşahidə edə bilirəm. Necə də möhtəşəm olardı. Yəqin ki, 53 il əvvəl yaşasa idim və dediklərimin canlı şahidi olsaydım, özümü sırf bunun üçün belə daha şanslı hiss edə bilərdim. Bəlkə də bu hekayəni - 3 Ay səyahətçisinin macərasını sizə danışsam, siz də mənimlə eyni hissləri bölüşəcəksiniz?


 

Apollo Layihəsi.

1950-ci illərdən SSRİ (Sovet Sosialist Respublikaları İttifaqı) ilə ABŞ (Amerika Birləşmiş Ştatları) arasında başlayan Kosmik Yarışda SSRİ üstünlüyünü qoruyub saxlayırdı. Ard-arda ilklərə imza atırdılar. İlk peyk, ilk kosmonavt, açıq kosmosa çıxan ilk insan. ABŞ geridən gəlirdi. Ta ki, hədəfi Aya doğru istiqamətləndirənə qədər.


Apollo ABŞ tərəfindən hazırlanan və NASA tərəfindən həyata keçirilən kosmik proqram idi. Məqsəd Aya insan endirmək idi. 1961-ci ildən hazırlıqlarına başlanılan məqsədə 1969-cu ildə nail ola bilmişdilər. Uğur isə itkisiz ötüşməmişdi. Layihənin ilk missiyası hesab edilən Apollo-1 insanlı test uçuşuna hazırlıq etdiyi bir vaxtda, 1967-ci il 27 yanvar tarixində sınaq zamanı texniki nasazlıq səbəbindən yerindəcə alovlanmışdı. Missiyanın astronavtları Virgil Grissom, Edward White, Roger Chaffe isə qəza nəticəsində həlak olmuşdu. 3 astronavtın ölümü ilə nəticələnən qəzadan sonra NASA Apollo-7 missiyasına qədər olan bütün sınaqları insansız yerinə yetirməyə qərar verdi.


İlk insanlı və uğurlu test uçuşu 1968-ci il 11 oktyabr tarixində həyata keçirildi. Apollo-7 adlandırılan missiyanın məqsədi astronavtları Aya aparacaq raketi Yerin orbitində test emək idi. 2 ay sonra 21 dekabr tarixində Apollo-8 missiyası ilə eyni raket bu dəfə özünü Ayın orbitinə yük göndərməklə doğrultmalı idi.


Nəhəng və güclü Saturn-V raketi.

Haqqında danışılan və Apollo layihəsində insanları Aya daşımaq üçün istifadə edilən raket Saturn-V (və ya Saturn-5) adlanırdı. İndiyə qədərki (hələki) ən güclü və ən nəhəng raket. Hündürlüyü 111 metrə çatırdı. Nəhəngliyini təsəvvür etmək üçün 4 Qız Qalasını (28 metr) üst-üstə qoyulu halda xəyal edə bilərsiniz.


Saturn-V adlanan raket 3 pillədən ibarət idi:

  1. İlk pillə - Yerin cazibəsinə qalib gələrək raketi müəyyən hündürlüyə çatdırmalı olan hissə - 5 ədəd F-1 adlanan mühərriklə təchiz olunmuşdu. Mühərriklər start anından cəmi 2 dəqiqə 41 saniyə sonra missiyasını yerinə yetirir və digər pillələrdən ayrılırdı. Bu müddət ərzində 5 ədəd F-1 mühərriki 2000 tondan artıq yanacaq (kerosinin bir növü olan raket yanacağı RP-1 və maye oksigen) sərf edərək raketi 68 km hündürlüyə çatdırırdı.

  2. İkinci pillənin missiyası özündən sonrakı pilləni kosmosa çıxartmaq idi. İlk pillə ilə eyni sayda, lakin fərqli mühərriklə təchiz olunmuşdu. 5 ədəd J-2 adlanan mühərrik vasitəsilə missiyasını yerinə yetirdikdən sonra ikinci pillə də raketin üçüncü - son pilləsindən ayrılırdı. Bu ayrılma missiyanın 9-cu dəqiqəsində baş verirdi. J-2 mühərrikində isə yanacaq olaraq maye hidrogen və maye oksigendən istifadə olunurdu.

  3. Üçüncü pillə isə 1 ədəd J-2 adlı mühərrikinin köməyilə təxminən 4 saat yarım vaxt ərzində üst hissəsində yerləşdirilən modulları ilk olaraq Aşağı Yer orbitinə, daha sonra isə Aya doğru istiqamətlənən orbitə daşımalı və modullar yerləşən hissədən ayrılmalı idi.


Satun-V raketinin üst hissəsində yerləşən modullar bunlar idi: astronavtları Ay səthinə endirəcək Eagle adlanan Ay Modulu (Lunar Module), həyat təminat sistemi ilə yanaşı yanacaq və mühərriklə təchiz olunmuş Xidməti Modul (Service Module), Columbia adlandırılan uçuş boyunca ekipajın içində yer aldığı İdarəetmə Modulu (Command Module). Modulların da üzərində start anında yarana biləcək partlayış zamanı ekipajın dərhal raketi tərk edə bilməsi üçün katapult rolu oynayan Təcili Raketdən Ayrılma Sistemi (Launch Escape System və ya Launch Abort System) yerləşirdi. Bu modullar arasında yenidən Yerə qayıdacaq və ekipajı da özü ilə birgə qaytaracaq olan modul, Columbia adlandırılan İdarəetmə Modulu idi.


apollo mission, apollo project, apollo 11, saturn-v, saturn-5, saturn v, saturn 5, lunar module, service module, command module, launch escape system
Raketin üst hissəsində modulların yerləşməsi

1969-cu il 3 mart tarixində Apollo-9 missiyası ilə son pilləyə daxil olan Ay Modulunun Yer orbitində testi həyata keçirildi. Ardınca mayın 18-də Aya səyahətin başdan sona bütün mərhələlərinin (Ayın səthinə enmək istisna olmaqla) testi yerinə yetirildi. Bu, Apollo-10 missiyası idi. Tarixi Apollo-11 missiyasından öncəki son test.


Apollo-11 missiyası. Yerdən qalxış.

Təqvim 1969-cu il 16 iyulu göstərirdi. ABŞ-ın Florida əyalətində yerləşən Kennedy Kosmik Mərkəzindəki 39-B nömrəli kosmodromda Saturn-V raketi Ay səyahətinə hazır vəziyətdə idi. Uçuşun komandiri Neil Armstrong, Ay Modulunun pilotu Buzz Aldrin, İdarəetmə Modulunun pilotu Michael Collins həyəcanla Yerdən ayrılmağı gözləyirdilər.


Ümumdünya (UTC) vaxtı ilə səhər saat 13:32-də Saturn-V raketinin mühərrikləri işə düşür. Missiyaya start verilir. Tarixi Ay səyahəti başlayır.


Ayın orbitində.

76 saatlıq səyahətin ardından ekipaj Ayın orbitinə çatır. 100 saat sonra Neil və Buzz eniş üçün Ay Moduluna keçir. Bir neçə saat sonra isə missiyanın daha öncə test edilməmiş hissəsi başlayır. Aya doğru eniş. Nəzəri olaraq enişin necə olacağı, modulun iş prinsipi ilə bağlı məlumatlı olsalar da, realda hərşeyin necə baş verəcəyi ilə bağlı heç kimin əmin olduğu fikri yox idi. Ay Modulu Ayın səthində test edilməmişdi. Belə bir imkan yox idi. Buna baxmayaraq, Yerdə və Ayın orbitində aparılan testlər, edilən hesablamalar onları Ayda addımlayan ilk insanlar edəcəkdi.


Eagle adlanan Ay Modulu ilə Neil və Buzz enişə başladıqda Michael’ı geridə, İdarəetmə Modulunda buraxmalı idilər. Missiyanın dizaynına görə bir nəfər Ayın orbitində qalmalı, ekipajı Yerə qaytaracaq olan modula nəzarət etməli, astronavtlar Aydan qayıtdıqda Ay Modulunu “yaxalamalı/tutmalı” və İdarəetmə Moduluna birləşdirməli idi. Bu vəzifəni yerinə yetirən Michael oldu. Beləliklə də, modulda təkbaşına keçirdiyi vaxtda dünya, hətta kosmos tarixinin ən yalnız adamı olaraq adını tarixə yazdırdı.


Apollo-11 missiyasının gizli qəhrəmanı olan Michael Ayın qaranlıq tərəfinə keçid etdikdə bir müddət həm Yerlə, həm də Aydakı astronavtlarla əlaqəsi tamam kəsildi.


Dostlar, mənimlə danışmağa davam edin...

Əlaqə kəsilməmişdən öncə ən son bu sözlərini çatdıra bilmişdi dostlarına. O, Yerə qayıtdıqda bu sükut dolu anların qorxudan daha çox həyəcanverici və ruhlandırıcı bir təcrübə olduğunu qeyd edirdi.


Aya eniş.

Neil və Buzz isə bu müddətdə Aya eniş etdilər. Onlar Ayın cənub-qərb hissəsində yerləşən eniş etdikləri yeri Tranquility, yəni Sakitlik dənizi adlandırırdılar. Sakit, daha öncə heç bir dünyalının olmadığı, ayaq basmadığı torpaqlar.



Yerdən ayrıldıqdan 109 saat 24 dəqiqə 15 saniyə sonra (20 iyul 1969-cu il) Neil tarixə keçəcək o addımı atdı. Kosmosdakı başqa bir cismin səthində addımlayan ilk insan. Bu, Neil’in də dediyi kimi onun üçün kiçik olsa da, insanlıq üçün böyük addım idi. Yerdə dünyanın hər tərəfindən milyardlarla insan bu anlara şahidlik edirdi. Televiziyalar bu anları canlı olaraq göstərirdilər. İlham verici, ümid dolu, gələcək üçün digər böyük addımları da ardınca gətirəcək olan bu addımın sevincini bütün dünyalılar qeyd edirdi.



Neil’in ilk addımı atmasından 20 dəqiqə sonra Buzz da ona qoşuldu. Birlikdə Ayın səthində addımlayır, araşdırma üçün Ay torpağından nümunələr yığır, Yerdən gətirdikləri elmi-təcrübi avadanlıqları quraşdırır və bu anları yaddaşa yazmaq üçün çoxluca şəkillər çəkirdilər.


Bəlkə də, fotoqraflıq qabiliyyətinə güvəndiyindən Ayda çəkilən şəkillərin, demək olar ki, çoxunun müəllifi Neil’dir. Onun köməkçisi olan kamera isə Hasselblad şirkəti tərəfindən Ayda çəkiliş üçün xüsusi olaraq hazırlanmışdı.


Astronavtların Ayda quraşdırdıqları elmi-təcrübi avadanlıqlara Aydakı zəlzələləri ölçmək üçün passiv seysmoqraf, Yer ilə Ay arasında olan məsafəni təyin etmək üçün lazer reflektoru və Günəş küləklərini ölçmək üçün lazım olan ləvazimatlar daxil idi.



Missiya daxilində ABŞ bayrağının Aya sancılması da Neil ilə Buzz’ın Ayda yerinə yetirməli olduğudu vəzifələrdən digəri idi. Lakin bununla yanaşı, bütün dünyalılar adına Apollo layihəsinin bəşəriyyət üçün olduğunu, Aya sülh üçün gəlindiyini qeyd edən lövhə də bəkidilməli idi. Öncələr lövhə düşünülməsə də, ABŞ bayrağının Aya sancılması digər ölkələrin xalqları arasında ABŞ-ın Aya sahib olması kimi bir təəssürat yaratdığı və mübahisələrə səbəb olduğundan belə bir həll təklif edildi. Bayraq isə sadəcə milli qürurun simvolik jesti kimi sancıldı. Bu ərəfədə ABŞ prezidenti Richard Nixon Armstrong və Aldrin’lə radio əlaqə yaradaraq telefon danışığı apardı və bunu tarixdə o zamana qədər “Ağ evdən edilən ən tarixi telefon danışığı” olaraq qeyd etdi.


21 saat 36 dəqiqələrini Ayın səthində keçirdikdən sonra hər iki astronavt Yerə qayıtmağa hazır idi. Bu müddət ərzində onlar sadəcə 2 saat 14 dəqiqələrini Ay modulundan kənarda, Ayda addımlayaraq keçirə bilmişdilər. İndi isə evə qayıtmaq vaxtı idi.


Yerə qayıdış.

Ay Modulu Neil ilə Buzz’a Ayın orbitinə qədər yoldaşlıq edəcəkdi. Sonra isə evə doğru Michael’ın onları Ayın orbitində gözlədiyi İdarəetmə Modulu ilə qayıtmalı idilər. Uçuşun bu hissəsi də eniş hissəsi kimi daha öncə Ay şəraitində test edilməmişdi. Aydan qalxış. Bunun üçün Ay Modulu mühərriklərini işə saldı. Dostlarını evə aparmaq üçün Ayın orbitində gözləyən Michael o anlardakı hisslərini belə ifadə edirdi:


Missiyanın ilk günlərindən bəri qorxum onları Ayda qoyub Yerə tək qayıtmaqdır. Bu qorxunun keçməyinə dəqiqələr qalıb.

Həyəcanla gözlənilən qalxış uğurlu idi. 4 saatlıq uçuşun ardından dostları - Neil və Buzz Michael ilə görüşdülər.


Ay Modulu öz missiyasını tamamlamışdı. Ekipaj evə doğru o olmadan davam etməli idi. Neil, Buzz və Michael İdarəetmə Modulunda öz yerlərini aldıqdan sonra Ay Modulu İdarəetmə Modulundan ayrıldı. Missiyanın başından bəri İdarəetmə Moduluna bitişik olan Xidməti Modul mühərriklərini işə saldı. Ayın orbitindən çıxıldı. Ekipaj Yerə qayıdırdı.


2 gün yarımlıq yolun ardınca Yerin orbitinə çatdılar. Burada missiya boyunca İdarəetmə Modulunu enerji və güclə təmin edən Xidməti Modul da ondan ayrıldı. Geriyə sadəcə ekipajın içində yer aldığı və onları Yerə çatdıracaq İdarəetmə Modulu qalırdı. Yerin atmosferinə girdikdən 15 dəqiqə sonra modul Sakit Okeana eniş etdi. Tarix 24 iyulu göstərirdi.



Enişdən sonra astronavtlar 2 həftəlik karantinə alındılar. Daha öncə Aydan Yerə enən kimsə olmamışdı. Bu səyahətə insan bədənin necə reaksiya verəcəyini, Ayda olan, lakin bizə məlum olmayan hər hansı virusun astronavtlara yoluxa bilmə və Yerdəki insanları yoluxdura bilmə ehtimalını, baş verə biləcək hər hansısa anormallığı kontrol altına ala bilmək üçün karantin avqustun 10-na qədər davam etdi.


Vəziyyətlərində hər-hansı anormallıq müşahidə olunmayan astronavtlar karantin bitdikdən sonra xalqla görüşmək üçün yürüşə qatıldılar. Ay səyahətçilərini görmək üçün küçələrə axın edən insanlar onları xüsusi təmtəraqla, şənliklə qarşılayırdılar. Bu, bütün bəşəriyyətin uğuru idi.


Apollo-11 missiyasının davamı - Apollo 12-17 missiyaları.

İnsanlığın aya enişinin ardınca daha 6 missiya ilə Apollo Layihəsi davam etdirildi. Bu missiyalardan sadəcə biri zamanı Aya eniş baş tutmadı. Belə ki, Ayın səthinə Apollo-12 missiyası ilə ikinci uğurlu enişdən sonra Apollo-13 missiyası zamanı baş verən partlayış səbəbilə ekipaj Aya çatmadan Yerə qayıtmağa məcbur oldu. Tarixdə “uğurlu uğursuzluq” adlandırılan bu hadisə zamanı Aya eniş missiyası uğursuz olsa da, astronavtlar Yerə itkisiz qayıda bilmişdilər. Bu missiyanın ardınca 1 illik fasilədən sonra baş tutan digər 4 missiya - Apollo-14, Apollo-15, Apollo-16, Apollo-17 zamanı isə astronavtlar Aya eniş etmiş və missiyalarını uğurla tamamlamışdılar. Büdcə problemləri olduğuna görə öncədən planlanan Apollo-18 və sonrakı missiyalar ləğv edilmiş və Apollo-17 Apollo Layihəsinin son missiyası olaraq qeyd edilmişdir.


Faydalı bağlantılar.

Son olaraq daha çox məlumat və missiyalarla bağlı daha çox görüntüyə nəzər salmaq üçün aşağıdakı bağlantılardan istifadə edə bilərsiniz:

  • İlk Ay enişinin baş tutduğu Apollo-11, Apollo Layihəsi zamanı Aya enilmədən Yerə qayıdılan Apollo-13 və layihənin son missiyası sayılan Apollo-17 missiyasının start anından sona qədər olan bütün səs və video yazılarını real-zaman anında izləmək üçün buraya;

  • Apollo-11 missiyası ilə Aya eniş anının animasiya formatında hazırlanmış info-görüntüsü üçün buraya;

  • Apollo missiyaları zamanı çəkilmiş fotoşəkillərin arxivi üçün isə bura və ya buraya daxil ola bilərsiniz.


 

İnsanlığın Aya sonuncu dəfə getməsindən 50 il keçir. Yarım əsr. O illərdən bu yana heç kimin bir daha Ay səyahətinə canlı şahid olmaq üçün şansı olmayıb. Amma bizim var. Artemis Layihəsi ilə insanlıq Aya yenidən qayıdır. O torpaqlara yenidən Ayaq basmağa gedirik. Bu dəfə qalıcı olaraq. Daha uzun müddətli. Aydakı izlərin ardınca. Nə bilmək olar, bəlkə biz də indi başımızı qaldırıb Ayı izlədiyimiz kimi, bir gün də başımızı qaldırıb Yeri izləyərik?


 

363 views

Comments


Gözdə qulaqda olun!

Yeni paylaşımlardan xəbərdar olmaq üçün...

Aramıza xoş gəldin!

bottom of page