top of page

CAPSTONE - İlklərin layihəsi

Biz Aya getməyi seçirik!

1962-ci ildə ABŞ-ın (Amerika Birləşmiş Ştatlarının) keçmiş prezidenti Jhon F. Kennedy məşhur çıxışında belə qeyd etmişdi. Çıxışın üzərindən keçən 60 ildən sonra biz bir daha Aya getməyi seçirik.


 

CAPSTONE Layihəsi.

Cislunar Autonomous Positioning System Technology Operations and Navigation Experiment (Ayətrafı Avtonom Mövqeləndirmə Sistemi Texnologiyasının Əməliyyatları və Naviqasiyasının Sınağı), qısaca, CAPSTONE layihəsi, NASA-nın hədəfi illər sonra yenidən Ay olaraq seçdikləri və bir neçə özəl şirkətlə birlikdə hazırladıqları missiyadır. Daha öncə gedilməyən orbit, daha öncə bu qədər yuxarı orbitə faydalı yük çıxarmamış raket, daha öncə Aya istiqamətlənmək üçün istifadə olunmamış fərqli buraxılış yeri; bunlar CAPSTONE-nu ilklərin layihəsi edən məqamlardan bir neçəsidir.


60 il öncə Aya getməyi seçdikdə yaranan “necə” sualına verilə biləcək yaxşı bir cavabımız yox idi. Əlimizdə olan, maraq və yeni yerlər kəşf etməyin həyəcanından başqa bir şey deyildi. Yarım əsrdən çox vaxt keçdikdən sonra isə artıq o zamanlar əlimizdə olandan daha çoxuna sahibik. Artıq “necə” sualına verilə biləcək yaxşı bir cavabımız var. Və hətta, daha yaxşısının axtarışındayıq. CAPSTONE da elə bu axtarışı edəcək.


Layihə ilə eyni ada sahib olan peyk 25 kiloqram çəkiyə sahib mikrodalğalı soba ölçülərindədir. Bu “soba”nın hazırlanmasında isə NASA-nın maliyyə dəstəyi ilə birlikdə 5 müxtəlif özəl şirkət əməkdaşlıq edib. Bu şirkətlər aşağıdakılardır və hər biri layihənin icrasında müəyyən vəzifələri öz üzərlərinə götürüb:

  1. Advanced Space - layihənin hazırlanması və missiyaya nəzarət;

  2. Terran Orbital - peykin dizayn edilməsi və yığılması;

  3. Stellar Exploration - impuls-təkan altsisteminin (peykə kosmosda hərəkət üçün lazım olan gücü verəcək sistemin) hazırlanması;

  4. Tethers Unlimited - radio əlaqə sistemlərinin hazırlanması;

  5. Rocket Lab - peykin kosmosa buraxılışının həyata keçirilməsi.


2019-cu ildə hazırlıq işlərinə başlanılan CAPSTONE keçdiyimiz günlərdə, 28 iyun, yerli saatla 12:55-də Yeni Zelandiyaya məxsus Mahia yarımadasının cənubunda yerləşən kosmodromdan Electron adlı raket daşıyıcı vasitəsilə kosmosa buraxıldı. Həm Electron, həm də buraxılışın həyata keçirildiyi kosmodrom Rocket Lab şirkətinə məxsusdur və şirkət özü də Yeni Zelandiyada yaranmış ilk özəl kosmik şirkətlərdəndir.


Qeyd edim ki, Electron, əsasən, kiçik ölçülü kosmik aparatları aşağı Yer orbitinə çıxarmaq üçün dizayn edilmişdir. 3 pillədən ibarət olan raket daşıyıcının sonuncu, yəni 3-cü pilləsinə Photon adlanan modul yerləşdirilib. CAPSTONE-nun içində yer aldığı bu modul buraxılışdan sonrakı 6 gün ərzində peyki lazımi orbitə çıxartmaq və Yerin cazibəsindən qurtulmasına kömək etmək məqsədi daşıyır. 6 gün sonra isə CAPSTONE Ay istiqamətindəki 4 aylıq yoluna təkbaşına davam etməlidir. Aparılan hesablamara görə, 13 noyabr tarixində peykin Near Rectilinear Halo Orbit, qısaca, NRHO adlı orbitə çatacağı düşünülür.


CAPSTONE-nun Ay səyahəti.

Nəyin necə və nə vaxt hara çatacağı ilə bağlı birazca qarışıqlıq yarada bildimsə, əla! Çünki elə indi aşağıdakı təsvirin bələdçiliyi ilə Yerdən Aya birlikdə səyahət edəcəyik və hərşey daha anlaşıqlı bir hal alacaq. Hazırsınızsa, getdik!


  1. Buraxılış. Electron adlı raket daşıyıcı CAPSTONE-nu Aya istiqamətləndirir;

  2. Photonun ayrılması. Buraxılışdan 9 dəqiqə sonra Photon raket daşıyıcının ikinci pilləsindən ayrılır;

  3. Aşağı Yer orbitinə giriş. Photon 250 km-lik aşağı Yer orbitinə daxil olur;

  4. Orbitin yüksəldilməsi manevrləri. Photon-un Marie Curie şərəfinə adlandırılan 3D çap texnologiyası ilə hazırlanan HyperCurie mühərrikləri periodik olaraq manevrlər edərək modulu aşağı orbitdən yuxarı orbitə daşıyır;

  5. Trans-Ay trayektoriyasına daxil olmaq cəhdi. Bu nöqtədə artıq HyperCurie mühərrikləri Photon-u saniyədə 11 km-lik bir sürətə çatdıraraq Yerin cazibəsindən qurtulmasına təkan verir və modul Trans-Ay trayektoriyasına daxil olur;

  6. CAPSTONE-nun ayrılığı. Nəhayət, peykimiz Photon ilə çıxdığı 6 günlük macərasına son verərək ondan ayrılır və Ballistik Ay Trayektoriyasında yoluna yalnız davam etməyə başlayır;

  7. Photonun vidası. CAPSTONE ilə yolları ayırdıqdan sonra Photon son dəfə HyperCurie mühərriklərini işə salaraq trayektoriyasının düzəldilməsi üçün manevrlər etdikdən sonra Ayın yanından keçərək planetlərarası boşluğa daxil olur;

  8. CASPTONE uzaqlarda. Yerdən 1.3 milyon km uzaqlığa çatan CAPSTONE Günəşin cazibə qüvvəsindən istifadə edərək trayektoriyasında düzəlişlər etdikdən sonra birbaşa Aya istiqamətlənir;

  9. Geri sayım. CAPSTONE özü ilə daşıdığı hidrazin yanacağından istifadə edərək mühərriklərini işə salıb NRHO-ya daxil olur;

  10. Xoşbəxt sonluq. 4 aylıq uzun bir səyahətdən sonra CAPSTONE ayətrafı stabil NRHO-da dövr eləyərək məlumat toplamağa başlayır.


Dartılmış uzunsov elliptik orbit - NRHO.

Huh! Uzun bir səyahətdir, elə deyil? Bəs sizdə sual yaranır ki, nəyə görə Aya bir neçə gündə getmək kimi bir seçim varkən bir neçə ayda gedilən belə uzun bir yol seçilib?


CAPSTONE ilklərin layihəsidir deyəndə nəzərdə tutulan şeylərdən biri də getdiyi bu yolun, çatacağı NRHO (Near-Rectilinear Halo Orbit) adlı orbitin daha öncə heç bir kosmik aparat tərəfindən kəşf edilməməsi, layihənin bu istiqamətdə bir ilk olduğudur. Məqsəd də elə budur - kəşf!


Dartılmış uzunsov elliptik orbit olan NRHO-da CAPSTONE hər bir dövrəni təxminən 1 həftəyə başa vuracaq və bu ən azı 6 ay davam edəcək. Əlbəttə ki, dövrləri sırasında davamlı olaraq Yerlə əlaqə saxlayaraq topladığı məlumatları araşdırılması üçün bizə göndərəcək. Bu müddət arzulanan və hədəflənən orbitin 22 öyrənmək üçün ideal vaxt hesab edilir.

NRHO daha dayanıqlı və stabil olduğundan (alimlərin hesablamalarına görə) kosmik aparat bu orbitdə Ayın ətrafında hərəkət etdikdə yanacağına xeyli qənaət etmiş olacaq. Orbitə çatmaq üçün istifadə edilən yol olan Ballistik Ay Trayektoriyasında hərəkət zamanı da daha az yanacaq sərfiyyatına ehtiyac olduğundan, həm missiyanın ümumi xərcləri xeyli aşağı düşəcək, həm də daha az yanacaqla daha çox şeyi ayətrafı orbitə rahatlıqla daşımaq mümkün olacaq. Beləliklə, gələcək Ayətrafı Kosmik Stansiyanın reallaşması bizə neçə addım daha yaxın olmuş olur.


Gateway - NASA-nın yenidən Aya insan yollamaq üçün hazırladığı Artemis Layihəsinin dayanacaq nöqtəsi kimi istifadə ediləcək Ayətrafı Kosmik Stansiyaya verilən addır. Stansiya bir neçə məqsədə xitab edəcək: fərqli kosmik aparatlar qoşularaq Ay səyahətlərində dayanacaq kimi istifadə edilə biləcək, yaşayış mümkün olacaq, elmi araşdırmaların aparılması üçün şərait yaradılacaq, Aya səyahət edənlərin ehtiyaclarını qarşılamaq üçün davamlı olaraq karqo və logistik modullar qəbul ediləcək. Yəqin ki, ağlınıza hazırda Yerin ətrafında dövr edən Beynəlxalq Kosmik Stansiya gəldi. Hə, eynilə onun kimi, sadəcə, Yerin yox, Ayın ətrafında. Və CAPSTONE-nun hazırda araşdırmaq üçün getdiyi NRHO adlı orbitdə. Layihə uğurla nəticələnərsə, NRHO alimlərin hesablamalarında qeyd etikləri kimi dayanıqlı, stabil və az yanacaq sərfiyyatı tələb edən bir orbit kimi özünü doğruldarsa, bu orbit sayəsində Gateway nə az, nə çox, ən azı düz 15 il ayətrafında fəaliyyət göstərə biləcək.


CAPSTONE, bizi eşidirsən?

CAPSTONE-nun qarşısına qoyulan digər bir vəzifə isə 2009-cu ildə Aya göndərilən və hələ də Ayın ətrafında dövr edən Lunar Reconnaissance Orbiter (LRO) adlı peyklə əlaqə saxlamaqdır. Əlaqə uğurlu alınarsa, Yerdən izləməyə ehtiyac qalmadan iki kosmik aparat aralarında “danışaraq” bir-birlərinə nəzərən olduqları koordinatları, kosmosdakı yerlərini təyin edə və yollarına sərbəst şəkildə davam edə biləcəklər.


Hazırda isə CAPSTONE ilə əlaqə yaratmaq üçün NASA-ya məxsus Deep Space Network (DSN) adı verilən nəhəng radio antenalardan istifadə edilir. Bu radio antenalar gücləri və çox uzaqda yerləşən kosmik aparatlarla rahatlıqla əlaqə yarada bilmə bacarıqlarına görə ən yaxşılardan hesab olunur. Bununla belə, kosmik aparatdakı, ya da yerdəki antennalardan qaynaqlanan problemlərə görə, bəzən əlaqədə kəsintilər ola bilir. Bizim peyk də Photon modulundan ayrıldıqdan sonra qısa müddətlik belə bir problem yaşasa da, tezliklə əlaqə bərpa edildi və bu əlaqə kəsintisinin missiyanın gedişatına hər-hansısa ciddi təsirinin olmadığı bildirildi.


Yeri gəlmişkən, CAPSTONE ilə DSN arasındakı əlaqənin detallarını görmək üçün bu linkdən istifadə edə bilərsiniz. CAPSTONE-nun harada olduğunu izləmək üçün isə buraya daxil olmağınız kifayətdir.


 

Bir kosmik səyahətə daha birlikdə ortaq olduq. Bəlkə də, yaxın onilliklərin birində CAPSTONE-nun kəşfiyyata getdiyi o yerlərə biz də qonaq gedərik və kosmik gəminin pəncərəsindən yaxınlaşmaqda olduğumuz Aya baxaraq bu mahnını zümzümə edərik:


Fly me to the moon

Let me play among the stars

Let me see what spring is like on

A-Jupiter and Mars


Moon
Bəlkə də yaxın onilliklərin birində CAPSTONE-nun kəşfiyyata getdiyi o yerlərə biz də qonaq gedərik.
 


211 views

Gözdə qulaqda olun!

Yeni paylaşımlardan xəbərdar olmaq üçün...

Aramıza xoş gəldin!

bottom of page