top of page

Kosmosda: keçmiş, gələcək, indi.

İlk insanın kosmosa uçuşuna ithaf etdiyimiz sənət, texnologiya və kosmos mövzularını əhatə edən #KosmosUçuşİnsan seriyasının 2-ci hissəsində həmsöhbətim Pərviz Abdullayevlə kosmik texnikanın tarixinə, insanların kosmosa uçuş arzusunun raketlərin yaranmasına və inkişafına necə yön verdiyinə nəzər salacağıq.


Qısa tanışlıq. Texnika elmləri doktoru, professor Pərviz Abdullayev Milli Aviasiya Akademiyasının uçuş aparatları və aviasiya mühərrikləri kafedrasının müdiridir, bir zamanlar da mənim müəllimim olmuşdur.


Xoş mütaliələr.


 

Zəhra: Tarixin hansı dövründən danışmağımızdan asılı olmayaraq, dəyişilməz bir şey var ki, kosmos insanlığı hər zaman heyrətləndirməyə qadir olub. Nə qədər yüksək texnologiyaya sahib olsaq da, kosmos sahəsində baş verənləri həzm edib anlamaqda zaman-zaman hələ də çətinlik çəkirik. Kosmosa uçmağa can atan o ilk insanları düşünmək maraqlıdır. Hər şey necə başladı?


Pərviz Abdullayev: Qədim mənbələr raket texnikasının yaradılmasının və inkişaf tarixinin başlanğıcını bizim eranın 1100-ci ilində Çində, yəni barıtın ixtira tarixi zamanlarını göstərir. Ehtimal edilir ki, 1100-ci illərdə çinlilər döyüş raketlərindən istifadə etməyə başlayıblar. Mənbələr 1200-ci illərin ortalarında hərbi raketlərin ərəblər və avropalılar tərəfindən istifadəsini də ehtimal edirlər. Lakin raketlərin istifadəsi haqqında ətraflı məlumat yazılı ərəb və avropa əlyazma mənbələrində 1300-ci illərin ərəfəsini göstərir. Beləliklə, tarixi mənbələr 1400-cü illərə yaxın ərəfədə raket texnikasının əsasən avrasiya sivilizasiyalarında geniş istifadəsini təxmin edir. Onu da qeyd edək ki, 1780-1799-cu illərdə indus qoşunlarının britaniyalılara qarşı raketlərdən istifadə etdiyi məlumdur. 1805-ci ildən isə William Congreve indusların raket texnologiyalarının Avropada istifadəsinə başlayır. 1805-1815-ci illərdə Britaniya qoşunları müharibələrdə Congreve raketlərini danimarkalılara, fransızlara və amerikalılara qarşı istifadə edirlər. Hətta 1820-ci illərdə Avropada və Osmanlı Dövlətində Congreve raketlərinin xilasetmə və balina ovunda istifadəsi də məlum idi.


Congreve rockets
Congreve raketlərinin təsviri

Zəhra: Raket anlayışımızın formalaşmasında barıtın ixtirasının tutduğu yer, bu fikrin Çinlilərdən Hindistan yarımadasına, oradan isə Britaniyalılar vasitəsilə Avropaya qədər uzanan bir yola çıxmış olması faktı mənə hər zaman maraqlı gəlib. Bəs o zamanlar bu düşüncədən heyrətlənərək müasir raket texnikasının əsasını qoyanlar kimlər idi?


Pərviz Abdullayev: Raket texnikasının yaradılma istiqamətində müxtəlif şəxslər tərəfindən qeydə alınmış əsərlərə rast gəlinir. Məsələn, K.E.Tsiolkovki tərəfindən 1903-cü ildə “Kosmosun reaktiv qurğuların köməyi ilə öyrənilməsi” əsərində insanın kosmosa uçuşunu mümkün etmək məqsədilə irəli sürülən çoxpilləli maye yanacaqlı raket ideyasından xəbəri olmayan Robert Goddard 1919-cu ildə özünün “Ekstremal hündürlüklərə çatmaq üsulu” əsərində maye yanacaqlı raketin təsvirini verir. Maraqlıdır ki, Tsiolkovskini və Goddardı tanımayan Hermann Oberth isə 1923-cü ildə ilk maye yanacaqlı raketi qurur və startlayır (buraxır). Elə 1925-1935-ci illər dövründə ABŞ, SSRİ və Avropada həvəskar raket cəmiyyətləri yaranmağa başlayır. İkinci Dünya Müharibəsi zamanlarında artıq ilk idarəolunan raketlər istifadə olunur. Qeyd etmək lazımdır ki, müasir raket texnikasının əsas nümunəsi Almaniyada Wernher von Braun tərəfindən yaradılmışdır.


Zəhra: Kosmosa uçuş tarixində biz ABŞ (Amerika Birləşmiş Ştatları) ilə SSRİ (Sovet Sosialist Respublikaları İttiqafı) arasında soyuq müharibənin getdiyini və bir növ bunun kosmik araşdırmaları qızışdıraraq ilk peykin, ilk insanın kosmosa, hətta ilk insanın Aya ayaq basmasına səbəb olduğunu görürük. Bəs bütün bu söhbətimiz boyu, Çindən Avropaya qədər uzanan bu tarixdə ABŞ və SSRİ oyuna necə daxil olur?


Pərviz Abdullayev: Wernher von Braunun 1945-ci ildə könüllü olaraq Almaniyadan ABŞ-a köçdüyü bizə məlumdur. Əlavə olaraq, eyni ilin sonunda ABŞ və SSRİ onun ətrafında olan tədqiqatçılar və mühəndisləri öz ölkələrinə köçürərək özlərinin raketlərinin yaradılması üzrə təməl elmi tədqiqatlarına başlayırlar. Beləliklə də, ABŞ və keçmiş SSRİ arasında kosmos uğrunda mübarizə başlayır.


Wernher von Braun, John F. Kennedy
Wernher von Braun ABŞ prezidenti olmuş John F. Kennedy ilə birlikdə

Zəhra: Mübarizənin ilk illərində qazananının SSRİ olduğunu görürük. Xüsusilə də, ilk insanın kosmosa uçuşu ilə yeni bir dövrün başlanmasına təkan verdilər. Kosmosda var ola bilmək hissi insanlığı daha irəli aparan, daha təkmil texnologiyaların inkişafına gətirib çıxardı. Bəs bizim bu ilk insanlı uçuşla bağlı bilməli olduqlarımız nələrdir?


Pərviz Abdullayev: Məlum olduğu kimi, kosmosa ilk pilotlu uçuş Yuri Gagarin tərəfindən yerinə yetirilmişdir. Uçuş 1961-ci il 12 aprel tarixində Moskva vaxtı ilə 9:07-də Qazaxıstan Respublikasının ərazisində Türatam kəndinin yaxınlığında yerləşən Baykonur kosmodromundan “Vostok” adlı raket-daşıyıcısının göyərtəsində yerləşən “Vostok-1” kosmik gəmisi ilə həyata keçirildi. 108 dəqiqə ərzində Yer ətrafında tam 1 dövr etdikdən sonra eniş aparatı SSRİ-nin Saratov vilayətində saat 10:55-də yerə endirilmişdir. İlkin plana əsasən yerə bir neçə kilometr qalmış hündürlükdə kosmonavt katapult etmiş, eniş aparatının yaxınlığında paraşütlə yerə enmişdir. Bu tarixi hadisənin əbədiləşdirilməsi məqsədilə keçmiş SSRİ Ali Sovetinin Rəyasət Heyətinin 9 aprel 1962 tarixli qərarı ilə kosmosa birinci insan uçuşunun şərəfinə 12 aprel tarixi Kosmonavtika Günü kimi qeyd olunmağa başlamışdır. 1968-ci ilin noyabr ayında Beynəlxalq Aviasiya İdman Federasiyası tərəfindən 12 aprel tarixinin Dünya Aviasiya və Kosmonavtika günü kimi qeyd olunması haqqında qərar qəbul edilmişdir. 2011-ci ilin 8 aprel tarixində BMT Baş Assambleyasının iclasında rusiya tərəfindən təklif edilən qətnamə qəbul edilmiş, 12 Aprel İnsanın Kosmosa Uçuşunun Beynəlxalq Günü kimi elan edilmişdir.


Zəhra: İnsanlıq kosmosa uça bilmək gücünə sahib olduqdan sonra da biz görürük ki, onu başqa fikirlər düşündürüb maraqlandırmağa başlayır: Necə daha çox müddət kosmosda qala bilərəm? Tarixə nəzər saldıqda, elə indinin özü və gələcəkdə də bu sualın cavabının kosmik stansiyalar inşa etmək olduğunu görürük. Biraz da insanlığın yeni yaşayış məkanları olan kosmik stansiyalardan söz açaq.


Pərviz Abdullayev: Pilotlu kosmonavtikanın sonrakı mərhələsində çoxməqsədli “Soyuz” gəmilərinin yaradılması, orbitdə manevrlərin həyata keçirilməsi, kosmik gəmilərin bir-birinə yaxınlaşması, birləşməsi və beləliklə də, orbitdə stansiyaların qurulmasına gətirib çıxardı. 1980-ci illərin ortalarında kosmosda fəaliyyətinə başlayan “Salyut” stansiyası 2000-ci ilin iyun ayına qədər işləmiş və sonrasında “Mir” adlanan yerətrafı laboratoriya ilə əvəz edilmişdir. Bu laboratoriyaya göndərilən uzunmüddətli ekspedisiyaların sayı 28, qəsamüddətli (bir neçə həftədən bir aya qədər) ekspedisiyaların sayı 16 təşkil etmişdir. 1998-ci ildən “Mir” kosmik kompleksi Beynəlxalq Kosmik Stansiya (BKS) ilə əvəz edilmişdir. Stansiya 150 milyard ABŞ dollara başa gəlmişdir. BKS-in resursu 203o-ci illərdə bitəcək və yeni stansiya, ola bilsin ki, hətta Ayın üzərində qurulacaq baza ilə əvəzlənəcək.


International Space Station, ISS
Beynəlxalq Kosmik Stansiya (BKS)

Zəhra: Maraqlıdır, zamanın bizi kosmosda haralara aparacağı düşündürür. Planetlərarası, Günəş sistemləri və ya qalaktikalararası insanlı səyahəti mümkün edə biləcəyikmi?Kosmosa yayılmış bəşəriyyət ola biləcəyikmi? Cavablamağın çətin olduğu, yaxşısının olacağına ümid etdiyimiz suallar. Kim bilir, bəlkə də illər sonra oxşar söhbət etdikdə bu suallara da əsaslı cavablarımız olacaq. Hələlik isə, bu qədər.


 

Kosmik tarixin zaman maşınında səyahət etmək ən az kosmosun özündə səyahət etmək qədər həyəcanvericidir. İlk günlərdən bəri raket texnikasının keçdiyi yol, yol açdığı inkişaf. Əvəzsizdir. Həmsöhbətim Pərviz Abdullayevlə söhbətimizin çox qısa hissəsini bir araya toplaya, yazıya keçirə bildim. Yəqin ki, söhbətimizə daha bir ad seçməli olsam, kosmik texnikanın qısa, çox daha qıssa tarixi qeyd edərdim. Sözünü aldım ki, zaman-zaman bu söhbəti daha da təkmilləşdirəcək, sual olaraq qalan hissələrə bir daha baxacağıq. O zamana qədər isə mövcud kosmik zaman maşınında səyahətinizdən həzz alın. Yeni üfüqlərdə görüşmək ümidi ilə!

449 views

Comments


Gözdə qulaqda olun!

Yeni paylaşımlardan xəbərdar olmaq üçün...

Aramıza xoş gəldin!

bottom of page