top of page

“Sənə, bəşəriyyət!”, Tahir Salahov

İlk insanın kosmosa uçuşuna ithaf etdiyimiz sənət, texnologiya və kosmos mövzularını əhatə edəcək 3 hissəli #KosmosUçuşİnsan seriyasına başlayırıq. Kosmonavtika gününə fərqli baxış bucağından, daha əvvəl olmadığı kimi nəzər salacağıq.


Xoş mütaliələr.


 

12 aprel, 1961-ci il, Respublika bədii incəsənət sərgisi, Bakı. Sərgilənən əsərlər arasında xüsusi diqqətə layiq bir əsər seçilir. Zamanını qabaqlayan və illər keçsə də əvəzsiz olacaq əsər. Nəinki vizualı, həmçinin adı ilə. Kosmosa ilk insan uçuşunun baş tutduğu gün, bəşəriyyətin kosmosa yüksəldiyi gün kosmosun qaranlığını əllərindəki məşələ bənzər işıqla aydınladaraq yüksələn iki insan.


Bəşəriyyət var olduğu gündən bəri yuxarı - göylərə, kosmosa can atıb. Uçmaq, qanadlanmaq istəyi içində alovlanıb. Maraq duyğusu bu alovu daha da hərarətləndirib. Fikirlər, mülahizələr, cəhdlər, araşdırmalar, kəşflər. Nəhayət! Artıq insanın kosmosda da var ola biləcəyinin əyani sübutu: 1961-ci il 12 aprel tarixində Yuri Qaqarin, Vostok-1 gəmisində Yerin ətrafında 108 dəqiqədə 1 dəfə dövr etdikdən sonra geri qayıdır. Yaşayır, sağlamdır, uçuş uğurla tamamlanıb. Bəşəriyyət yüksəlir, kosmosa, Aya, ulduzlara!


 

Haqqında söhbət açdığımız əsər Azərbaycanın görkəmli rəssamı Tahir Salahovun 1959-cu ildə rəsm etməyə başladığı, 1960-ci ildə yekunlaşdırdığı və 1961-ci il, 12 aprel tarixində sərgilədiyi “Sənə, bəşəriyyət!” əsəridir.

Tahir Salahov, Sənə, bəşəriyyət!
“Sənə, bəşəriyyət!”, Tahir Salahov,

Tahir Salahov özü əsər haqqında qeyd edir:

1959-cu ildə, insanın kosmosa uçuşundan iki il əvvəl gecənin bir vaxtı mən qəflətən yuxudan ayıldım və kosmik səmada yanar ulduzlar arasında uçan, antik çöhrəli kişi və qadın eskizi çəkdim. Az sonra mən həmin eskizi kətan üzərinə köçürdüm və məhz Yuri Qaqarin kosmosa uçan gün bu işi sərgidə nümayiş etdirdim.

Xeyli vaxt əsərin sifarişlə çəkildiyi (xüsusilə də, Yuri Qaqarinin ardınca Valentina Tereşkova kosmosa çıxdığından bunun düşünülərək bir kişi və bir qadının təsvir edildiyinə eyham vurularaq), Tahir bəyin öncədən kosmik uçuşla bağlı SSRİ-dən (Sovet Sosialist Respublikaları İttifaqı) məlumat və əsərin çəkilişi üçün göstəriş aldığı danışılıb. Halbuki, 1962-ci ildə SSRİ Rəssamlar İttifaqının Moskvada, Manejdə təşkil edilmiş hesabat sərgisində belə “Sənə, bəşəriyyət!” əsərinin nümayişinə imkan verilməyib. Azərbaycanda yerli rəssamların sovet xalqının qəhrəmanlıqlarla dolu adi iş günləri əvəzinə hansısa uçan adamların şəklini çəkdiklərini (sərginin açılışından öncə əsərləri gözdən keçirən bədii komissiyanın sözlərinə əsasən) qəbullana bilmədiklərinə görə rəssam öz əlləri ilə əsərini sərgidən çıxarmalı olur.


2008-ci ilə qədər gözdən uzaq saxlanılan əsər rəssamın özü kimi rəssam olan qızı Aydan Salahova tərəfindən bərpa edilir və yenidən sərgilənməyə başlayır. Hazırda isə əsəri Azərbaycan Milli İncəsənət Muzeyində seyr edə bilərsiniz.


 

331 views

Gözdə qulaqda olun!

Yeni paylaşımlardan xəbərdar olmaq üçün...

Aramıza xoş gəldin!

bottom of page