Kosmik gəmidə Yerin ətrafında dövr etdikdə planetimizin gözəlliyinə heyran oldum. Elə hey onun haqqda düşünürdüm: biz bu gözəlliyi məhv etməməli, dağıtmamalı, qorumalı və qayğısına qalmalıyıq.
Kosmosa çıxmış ilk insan olan Yuri Gagarin Yerə endikdə oradakı hisslərini belə ifadə edirdi. Dünyamızın gözəlliyi onu heyrətə gətirmişdi. Həm kosmosa çıxan, həm də bu hissləri yaşayan ilk insan idi. Amma son olmayacaqdı.
İnanıram ki, siyasi liderlərin planetlərini bir neçə yüz kilometrdən öz gözlərilə görmək şansları olsaydı, onların baxış bucağı tamamilə dəyişərdi. Bütün sərhədlər görünməz olar və bütün səs-küylü arqumentlər birdən-birə səssizləşərdi.
Məşhur Apollo-11 missiyasında da iştirak etmiş Michael Collins hisslərini daha fərqli ifadə edir.
Eyni missiyada yer alan və Aya ilk ayaq basan Neil Armstrong’u isə Yerin kiçikliyi heyrətə salmışdı:
Anidən o gözəl, mavi noxud dənəsinin Yer olduğunun fərqinə vardım. Baş barmağımı qaldırıb bir gözümü yumdum və Yer görünməz oldu. Baş barmağımla onu gizlədə bilmişdim. Özümü nəhəng kimi hiss etmirdim. Əksinə, özümü çox, çox kiçik hiss etdim.
Kosmosu kəşf etmək üçün oraya yollanırıq, ancaq bu zaman bəzən fərqində olmadan daha dərin bir şeyi kəşf edirik: kosmosdan Yerə baxarkən yaşadığımız şüurlu dəyişiklik. Kosmosa çıxmış hər kəsin yaşadığı bu hisslər “Overview Effect”, yəni “Ümumi baxış effekti” adlanır. Yerə kosmosdan baxanlar doğma planetimizin gözəlliyini, kövrək və həssas olduğunu, varlığımızın unikallığını və eyni zamanda insan olaraq bizim ümumi cəhətlərimizin fərqlərimizdən çox üstün olduğunu, bir-birimizə necə də bağlı olduğumuzu hiss edirlər.
“Ümumi baxış effekti” - bir çoxuna ilham olan, baş verənlərə, ətrafımıza, yaşadığımız dünya və içində olduğumuz kosmosa daha fərqli yanaşmamıza səbəb olan, kosmosa həm də Yer üçün çıxmalı olduğumuzu bizə söyləyən dəyişiklik.
Bəşəriyyət uzun illərdir kosmosda var olmağa davam edir. Fərqli missiyalar, fərqli məqsədlər, fərqli insanlar. Günün sonunda, demək olar ki, hər bir kosmik macəranın bitdiyi yer elə başladığı yerdir - planetimiz. İnsanlı uçuşların heç biri tək tərəfli deyil. Yerə qayıdırlar. Təcrübələrini, hisslərini, gördüklərini bölüşürlər. Bir çoxunun paylaşımında toxunduqları məsələlərin, ötürmək istədikləri mesajların ortaq bir nöqtəsi olduğunu asanlıqla duymaq mümkündür. İstiqamət kosmos olsa da, faydalı olmaq istədiyimiz Yerdir.
Təəccüblü deyil ki, kosmik sahədə illərdir dəyişməyən bir tendensiya izlənilir: “Space for Earth”. Dilimizə “Yer üçün Kosmos” olaraq tərcümə edə biləcəyimiz bu tendensiyanın əsasını kosmik resurslardan və kosmosdan əldə olunan məlumatlardan Yer üçün, Yerdəki həyatın yaxşılaşdırılması, sahib olduğumuz texnologiyaların təkmilləşdirilməsi üçün istifadəsi təşkil edir. Göndərdiyimiz peyklərin bir çoxu, Yerin ətrafında inşa etdiyimiz kosmik stansiyaya yolladığımız insanların bir çoxu Yeri, Yerdəki həyatı daha yaxşı necə dəyişə bilərik, daha yaxşı necə fərq yarada bilərik deyə işlər görür, araşdırmalar aparırlar.
Bir də, kosmosa çıxan və geri döndükdə sadəcə yaşadığı hissləri paylaşaraq fərq yarada bilən, digərlərinə ilham ola bilən insanlar var. Hətta, sənin də onlardan biri ola biləcəyini desəm? Özünü onlardan biri kimi xəyal edə bilirsən? Təəccüblənmə, doğrudan da “o” sən ola bilərsən! Xəyal etməyə başla, necə olacağını mən sənə deyəcəm.
“Space for Humanity” (Bəşəriyyət üçün Kosmos) adlanan qeyri-kommersiya təşkilatı bütün xərclərini edilmiş ianələrlə qarşılayaraq “Yer üçün Kosmosa” insanlar göndərir. 2017-ci ildə Dylan Taylor tərəfindən kosmosun hər kəs üçün əlçatan olması, hər kəsin “Ümumi baxış effekti” yaşamalı olduğu fikri əsas götürülərək yaradılıb. Təşkilat düşünür ki, bu heyranedici perspektiv kosmos haqqında anlayışımızı, planetimiz və bir-birimizlə münasibətimizi yenidən formalaşdırır. Beləliklə də, bütün bəşəriyyət üçün davamlı sülh və firavanlıq dolu gələcəyi inşa etməkdə mühüm rol oynayır. Başqa sözlə desək, kosmosa getmək Yerimizi başa düşmək və onu xilas etmək üçün əvəzsiz şansdır. Və elə bu məqsədlə də təşkilat “Citizen Astronaut Program”, yəni “Vətəndaş Astronavt Proqramı” çərçivəsində hər il “Ümumi baxış effekti” yaşaması və Yerə döndükdə təcrübəsilə digər insanları ilhamlandıra biləcəyini düşündüyü seçilmiş 1 insanı kosmosa göndərir.
Təşkilatın 100-dən çox ölkədən 7000-dən çox müraciətçi arasından seçmiş olduğu və bu il - 2022-ci il 4 iyun tarixində “Vətəndaş Astronavt Proqramı” ilə kosmosa göndərdikləri ilk şəxs - Katya Echazarreta həm kosmosa çıxmış ən gənc (26 yaş), həm də Meksika əsilli ilk qadın astronavt olmuş oldu. Katya təşkilatın ilk S4H səfiri olaraq Blue Origin şirkətinin yerinə yetirdiyi NS-21 missiyası ilə New Shepard kosmik gəmisində kosmik uçuşunu həyata keçirdi.
Katya kosmik sahədə çalışan elektrik mühəndisidir. O, karyerası boyunca NASA-nın beş fərqli missiyasında mühəndis kimi çalışıb. Sosial media platformalarından aktiv istifadə edən Katya həm ingilis, həm də ispan dillərində davamlı olaraq məzmun yaratmaqla təcrübə və tövsiyələrini bölüşməklə STEM sahəsində çalışan və ya çalışmağı arzulayan qadınları dəstəkləyərək onlara ilham olmağa çalışır.
“Vətəndaş Astronavt Proqramı” çərçivəsində seçilmiş olan ikinci S4H səfiri Sara Sabry 2022-ci il 4 avqust tarixində Blue Origin şirkətinin NS-22 missiyası ilə kosmik uçuşunu həyata keçirərək ilk Misirli astronavt və proqramın ikinci vətəndaş astronavtı adını qazanmış oldu.
Sara mühəndisliklə yanaşı kosmik araşdırmalara çıxış imkanını artırmağı hədəfləyən Deep Space Initiative (DSP) adlı qeyri-kommersiya təşkilatının da qurucusudur. Hazırda isə kosmik geyimlərin hazırlanması istiqamətində aerokosmik elmlər üzrə doktorantura təhsili alır.
O, Qərb dünyasındakı uşaqların raket buraxılışlarına baxaraq böyüyərkən, şərqdə isə uşaqların kosmosda baş verənlərdən xəbərsiz olduğunu, onları məlumatlandırmaq və kosmos sahəsindəki imkanların mümkünlüyünü göstərmək, bu yolda onlara dəstək ola bilmək üçün Misir Kosmik Agentliyi ilə Kosmik Səfirlik Proqramının əsasını qoyanlardandır.
Böyük xəyallar qurmağa cəsarət etdikdə, qeyri-mümkün hesab edilən şeylərə nail oluruq, sərhədləri qırırıq, tarix yazırıq və gələcəyə yeni həyəcanverici çağırışlar miras qoyuruq.
Sara Sabry belə düşünürdü.
İndi isə sıra sizdədir. Siz də bu effekti yaşamaq, kosmosa uçmaq, ardınca Yerə qayıdaraq S4H səfiri olaraq təcrübələrinizi insanlara ilham olmaq üçün paylaşmaq istəyirsinizsə, 15 Noyabr tarixinə qədər davam edəcək üçüncü çağırışa qoşulmağa və proqrama müraciət etməyə tələsin!
Şərtlər çox sadədir.
Əgər,
18 yaşınız tamam olubsa;
ingilis dili bilikləriniz kifayət qədər yaxşıdırsa;
bəşəriyyət və dünya üçün müsbət təsir yaratmaq istəyirsinizsə;
hazırda hər-hansısa bir icmada lider rolundasınızsa;
“Bəşəriyyət üçün Kosmos”missiyasını və öhdəliklərini aydın şəkildə qavrayır və başa düşürsünüzsə;
liderlik və effektiv ünsiyyət bacarıqlarına sahibsinizsə;
problemləri həll etmək üçün motivasiyalısınızsa;
orijinal, açıq-fikirli və empatiya duyğusuna sahib birisinizsə;
elə axtardıqları sizsiniz.
Buradan proqramın vebsaytına keçid edə və daha ətraflı məlumat alaraq “Vətəndaş Astronavt Proqramı”na müraciət edə bilərsiniz.
Astronavt Eugene A. Cernan’ın da dediyi kimi,
Dərimizin rənginin, dinimizin və ya siyasi görüşümüzün yaratmış olduğu hər-hansısa sərhəd yoxdur. Buradan onlar görünmür. Bir anlıq düşünürəm, əgər hərkəsi buraya gətirə bilsəydik, Dünya necə bir yer olardı?
Bəlkə də, hərkəsi kosmosa apara bilmərik, amma onların gözü ola bilərik. Kosmosun dərinliklərini kəşf edərkən sahib olduğumuz tək evimizin - Yerin dəyərini daha yaxşı anlaya və onu qorumağa daha çox səy göstərə bilərik. Bunun üçün çağırışa qoşula bilər və ya o çağırışı biz yarada bilərik. Kosmosa ən çox da elə Yerin özü üçün getmək istəyə bilərik. Nə düşünürsən, hazırsan?
Mən artıq kosmosdayam və səni gözləyirəm. Görüşənədək!
S4H səfiri - “Space for Humanity” (Bəşəriyyət üçün Kosmos) təşkilatı vasitəsilə seçilərək kosmosa göndərilmiş şəxs
STEM (Science, Technology, Engineering, Math) - açılışı Elm, Texnologiya, Mühəndislik, Riyaziyyat olaraq tərcümə edilən və bu sahələrə yönəlmək istəyən şagirdlər üçün xüsusi olaraq hazırlanmış təhsil yanaşması
Comments