top of page

Yerdənkənar canlı axtarışı

İlk baxışdan elə görünə bilər ki, biologiyanın “Canlı nədir?” sualı heç bir şübhəyə və tərəddüdə yer qoyulmayacaq şəkildə cavablandırılıb. Bütün canlıların hüceyrədən ibarət olduğunu iddia edən təməl aksiom bu mövzunu anlamaq üçün sadə və yetərli cavab sayılır. Yer kürəsinin elmə məlum olan əksər canlı varlıqları üçün bu iddia keçərlidir. Ancaq virusa çatanda məsələ qəlizləşir. Virus tipik canlı xassələri daşısa da, sitoplazması, enzimləri və öz replikasiya mexanizmi olan müstəqil bir vahid kimi davrana bilmir.

Yer kürəsində viruslardan da qəribə canlılar var: prionlar. Prion, ümumiyyətlə, heç bir hüceyrəvi struktura bənzəmir. Adi və çox kiçik, eyni zamanda dəli dana xəstəliyinin törədicisi olan bu şey, əslində, beyində normal funksiyası olan bir proteindir (zülaldır). Bu proteinciyin xəstəlik törədici forması hansısa bir mexanizmlə ortaya çıxdıqda digər normal proteinlər də silsilə reaksiya ilə bir-birinə bənzəməyə başlayaraq, prionlara çevrilir. Yəni, prion beləcə özünü çoxaldır, replikasiya edir.


Biologiyanın canlı anlayışını Yer kürəsindən kənara, astronomik ölçülərə genişləndirməyə çalışdıqda ipin ucu, ümumiyyətlə, bioloqların əlindən çıxıb fizik və riyaziyyatçıların əlinə keçir.


Hüceyrənin bir sonrakı nəslə ötürdüyü ən önəmli şey informasiyadır.

Universal canlı tərifi informasiya anlayışı üzərinə oturmalıdır. Yer kürəsində hüceyrə dediyimiz informasiya ötürücü mikro-qutucuqlar ətraf mühitə uyğunlaşıb sağ qalarkən yığdığı təcrübəni yeni nəslə, əsasən, genetik material olan DNT (dezoksiribonüklein turşusu) ilə ötürür. Amma və lakin hər meymun növü təkamül keçirib insan olmayacağı (riyazi dillə desək, belə bir ehtimal yox deyilə biləcək qədər az olduğu) kimi, Günəş sisteminin başqa bir yerində hər primitiv informasiya ötürücü genetik maddənin təkamül (kimyəvi təkamül) keçirib çox mürəkkəb DNT-yə çevrilmə ehtimalı da çox aşağıdır.


NASA bu gün Marsda canlı axtarışında olsa da, əslində, nə axtardığını tam olaraq bilmir.

Yerdən kənarda, kosmosda tapacağımız şeyin canlı olub-olmadığına qərar vermək üçün tətbiq edilməli olan kriteriyalar elmə yaxşı məlum deyil. Mars Yerə qonşu planet olduğu üçün oradakı canlılar buradakılara bənzəyə bilər. Hətta, bir nəzəriyyəyə/hipotezə görə, Yer kürəsindəki canlıların mənşəyi gedib Marsa dayana bilər. Qədim bakteriyaların meteoritlərin içində Mars kimi yaxın yerlərdən qopmuş daşlarla bura gəlmiş ola biləcəyi güman edilir. Ancaq Yupiterin aylarında vəziyyət tamamilə başqa cür ola bilər. Hələ, Günəş sistemindən kənarda, başqa ulduzlarda, başqa qalaktikalarda doğulmuş canlıları demirəm.


Bəs hazırda, ən təməlində, astronomik canlı anlayışımız nədən ibarətdir?


Qeyd etmək lazımdır ki, canlı quruluş, ümumiyyətlə, kainata, daha doğrusu, kainatın gedişatına ziddir.

Fizikanın fundamental termodinamika qanunlarından birinə görə, getdikcə dağılan, yəni nizamsızlığı artan (artmaq məcburiyyətində olan), başqa sözlə, entropiyası artan kainatda canlı hüceyrənin təkamülü əks yöndə hərəkət edən bir qüvvədir. Təkamül, primitiv proton, ion fərqindən hüceyrə, hüceyrədən toxuma, orqan, sistem, orqanizm, insan kimi mürəkkəb canlı, hətta bu canlılardan icma, icmalardan sivilizasiya, şüur, özü haqqında bu cümlələri yaza bilən mürəkkəblik inkişaf etdirmişdir. Bunlar kainatın ümumi gedişatı, mürəkkəbliyin azalması olan entropiya qanununa ziddir.


Fizika elminə görə, canlı, kainatın ümumi mənzərəsində, sonsuz nəhənglik içərisində, ifrat mikrosəviyyədə kiçik qaydadan kənaraçıxmadır. Mən bunu dəniz sahilində özü üçün sakitcə gedib-gələrək qayalara dəyən dalğaların, anidən, bir damcını 5 metr yüksəkliyə “tullamasına” bənzədirəm.


Kosmosdakı həmin kənaraçıxma son dərəcə nadir olduğuna görə, təsadüfən ortaya çıxan bu informasiya (mürəkkəblik) itirilməmək üçün hər dəfə yenidən başa qayıtmamalı, addım-addım inkişaf naminə bir sonrakı nəslə ötürülməlidir. Bunun üçün isə bir daşıyıcı lazımdır. Yer kürəsində bu DNT-dir. Kosmosun başqa yerlərində bu, yəqin ki, olduqca fərqli quruluşa malik bir sistem olacaqdır və ya ola bilər. Biologiyanın astrobiologiya sahəsi bu əcaib yeni molekulu kəşf etdiyində “Campbell Biologiya kitabı kimi fundamental biologiya kitablarının həcmi ən azı 25% artacaqdır.


Məqalənin müəllifi: Araz Zeyniyev, molekulyar mikrobioloq, Habitat layihəsi rəhbəri


 



354 views

Gözdə qulaqda olun!

Yeni paylaşımlardan xəbərdar olmaq üçün...

Aramıza xoş gəldin!

bottom of page