Çox əvvəllər oxuduğum Rey Bredberinin “Mars Xronikaları” adlı əsərinin başlanğıcında belə bir fikir qeyd olunmuşdu:
Təəccüblənmək qabiliyyəti böyük işdir, - filosof söyləyib. - Kosmik uçuşlar hamımızı yenidən uşağa çevirib.
Həm maraqdan, həm də ixtisasımla bağlı uzun illər davamlı olaraq kosmosla əlaqəli xəbərləri, yenilikləri acgözlüklə izləmişəm. Tapa bildiyim, qarşıma çıxan bütün mənbələri ələk-vələk eləmişəm. Və hər dəfə qarşıma çıxan yeni bir məlumat məni daha da heyrətləndirib. Ardınca əldə olan məlumatla kifayətlənməyib bir başqa yenisinin axtarışına başlamışam. Və bu zəncir belə davam edib.
İndi isə vəziyyət biraz fərqlidir. Düşünürəm ki, kosmik uçuşların yenidən uşağa çevirdiyi təkcə mən deyiləm. Texnologiyanın inkişafı və kosmik uçuşların kommersiallaşması ilə birlikdə kosmosla əlaqəli mövzular artıq hamımızın həyatının bir hissəsində özünə yer etməyə çoxdan başlayıb. İstər siz bu sahə ilə maraqlanan biri olun və ya olmayın.
Son zamanlar qarşımıza kosmosla əlaqəli bu ifadələr çıxır: raketlər, peyklər, kosmik uçuşlar, kosmos turistləri, Marsın koloniyalaşdırılması, qara dəliklər, radioteleskoplar və s. Haqqlarında çoxlu paylaşımlar olur və qızğın müzakirələr gedir. Məni isə maraqlandıran bir məqam var:
Ana dilimizdə bütün bu şeylər - kosmos haqqında dolğun məlumat əldə edə biləcəyimiz neçə etibarlı mənbə var?
Hazırda bu məqaləni oxuduğunuz sayt, elə yuxarıdakı suala cavab axtarışının nəticəsi olaraq yaranıb. Necə deyərlər, “qaranlığı lənətləməkdənsə, bir şam yandır”. Artıq araşdırdığım, oxuyub öyrəndiyim bilgilər məni tək başına heyrətləndirməyəcək, siz də mənə qoşulacaqsınız. Birlikdə o şamı yandıracağıq. Zəhranın kosmosa doğru səyahətində ona birlikdə yol yoldaşlığı edəcəyik.
Nə düşünürsünüz, hazırsınız?
Kosmos səyahətində bizə qoşulmasını istədiyiniz dostlarınızla məqaləni/saytı paylaşaraq dəstək ola bilərsiniz. Təəccüblənmək qabiliyyətinizi itirməməyiniz diləyi ilə, hələlik!
Comments